Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin həyat yolu

Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının Sədri, Millət Vəkili:

Fərəc İbrahim oğlu Quliyev (Ulusoy) 1962-ci il dekabr ayının 22-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1980-ci ildə orta məktəbi, 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib.

1989 – 1993-cü illərdə Azərbaycan Xalq Cəhbəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə komitəsinin sədri, Ə.Elçibəyin 1-ci müavini olmuşdur.

1990-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, Demokratik Blokun üzvü olmuşdur.İstiqlalçı deputat- "müstəqillik aktı"nın həmmüəlliflərindəndir.

1989-cu ildə Sərhəd Hərəkatının ideoloq və təşkilatçılarından biri olmuşdur.

Azərbaycanda ilk dəfə Ordubad rayonu ərazisində 5 sərhəd zastavasını rus ordusundan təhvil alıb milliləşdirilməsinin, bu ərazidəki bütün Sovet ordusuna məxsus əmlak, silah və texnikanın milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik etmişdir.

1990-cı il Yanvar qırğınından sonra Bakıda rus işğalçılarına qeyri-leqal dirəniş üçün Güney Azərbaycandan olan hərakatçıların da iştirakı ilə yarım hərbi "Qisas" təşkilatı formalaşdırmışdır.

Naxçıvanda ən yüksək zirvədə yerləşən "Soyuq" adlı Uzaq Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissəni 1991-ci il dekabrın 17-də rus - erməni hərbi birliklərindən 24 nəfərlə birlilkdə ələ keçirmişdir. İndi orada Azərbaycan milli ordusunun hərbi hissəsi yerləşib. Bu əməliyyat itkisiz ötüşsə də 5 nəfər döyüşçümüzün ayaqlarını soyuq aparmış və müxtəlif hissələrdən amputasiya olunmuşdur. Bu əməliyyata görə prezident Ə. Elçibəy tərəfindən "milli qəhrəman" adına layiq görülsə də, bu addan imtina etmişdir.

Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə –könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir.

1995-ci ildən 2002-ci ilə qədər siyasi məhbus kimi həbsdə olmuşdur. Məhbəsdən çıxdıqdan sonra Anqlosaks - Türk Assambleyasını yaratmış, bu təşkilatın prezidenti seçilmişdir.

2002-ci ildə Hollandiyada Dünya Azərbaycanlıları Konqresinin idarə heyəti üzvü və sədr müavini seçilmiş, 2003-cü ildən DAK Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur. DAK Azərbaycan nümayəndəliyi rəhbərliyinin dünya azərbaycanlıları arasında yaratdığı dostluq körpüsünə görə "Qız Qalası" diplomu ilə təltif olunmuşdur.

2003-cu ildə Milli Dirçəliş Hərəkatını (MDH) formalaşdırmış, 07.05.2005-ci il tarixdə 1-ci qurultayda MDH sədri seçilmişdir.

"Yeni Dirçəliş" qəzetinin, ”Davam.az” elektron qəzetin təsisçisidir. Güney Azərbaycanda yayımlamaq üçün "qəzet içində qəzet" layihəsində "Təbriz" qəzetini təsis etmiş, "Yeni Dirçəliş" və “Davam” qəzetləri ilə birgə çapını reallaşdırmışdır.

Şito-Ryu Karate Do federasiyasının fəxri prezidentidir. "Sportivnaya Rossiya" Beynəlxalq Döyüş Sənəti festivalında Azərbaycan yığma komandasına xüsusi dəstəyin təşkilinə görə beynəlxalq diploma və medala layiq görülüb. 2011-ci ildə ”Hərbi vətənpərvərlik İşlərində Xidmətlərinə Görə” medalı ilə təltif edilmişdir.

2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə yenidən seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin, “Avronest” Parlament Asambleyasında Azərbaycan nümayəndə heyyətinin üzvüdür. Azərbaycan Parlamentinin Türkiyə, Ukrayna, Litva, Kazağıstan, Rumıniya, Belçika, Gürcüstan Parlamentləri ilə dostluq qruplarının üzvüdür.

Əlavə hüquq təhsili almışdır. 5 kitab və elmi-nəzəri məqalələr müəllifidir. Sambo üzrə idman ustasıdır. Ailəlidir. 3 övladı var.